Ötən il Azərbaycanda qeydə alınan xərçəng xəstələrinin sayı açıqlandı
“2018-ci ildə Azərbaycanda ilk diaqnoz qoyulan 11 606 xərçəng xəstəsi qeydə alınıb”.
REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, bunu III Beynəlxalq Uroonkologiya simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib.
O bildirib ki, xəstələrdən 5 733 nəfəri kişidir: “Xərçəng xəstəlikləri sırasında ilk yerdə ağciyər, ikinci yerdə mədə xərçəngidir. Prostat xərçəngi isə bu sıralamada 5-ci yerdədir. Avropada prostat xərçəngi ilk sırada yer alır”.
O bildirib ki, "Uroonkologiya" jurnalının 2019-cu il məlumatlarına əsasən, Rusiyada 100 min əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstədir:
"Azərbaycanda isə bu say 100 min əhaliyə 7 nəfərdir. 15 il əvvələ nisbətən vəziyyət daha yaxşıdır. Amma bununla belə son illərdə xərçəng xəstələrinin sayı və xəstəliklə bağlı ölüm halları da artıb. Səbəb odur ki, xərçəng xəstəliyinə tutulanların çox gec, xəstəliyin 3-4-cü dərəcəsində həkimə müraciət edirlər, bu da xəstələrin 50%-ni təşkil edir. Qazaxıstanda, Ukraynada bu, 25%-ə, Belarusda 15%-ə qədərdir. Böyrək xərçəngi ilə də vəziyyət oxşardır. 50%-ə yaxın xəstə 2-3-cü dərəcədə həkimə müraciət edir. Əsas səbəb isə maarifləndirmənin kifayət qədər aparılmamasıdır".
F. Quliyev əlavə edib ki, son 3 ildə Milli Onkologiya Mərkəzində 2 500-dən çox onkoloji cərrahi əməliyyat həyata keçirilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 16-11-2019, 11:30