mobil versiya

Azərbaycandan Türkiyəyə “yardım aparan” təyyarə fotosu




Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan qonşu ölkəyə yardım təyyarəsinin göndərildiyi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Elazığ hava limanına eniş etdiyi iddia edilən təyyarənin azərbaycanlı xilasediciləri daşıdığı bildirilirdi.

Virtualaz.org xəbər verir ki, bu xəbər təkzib edilsə də ona Türkiyədə inananlar çox olub, hətta Türkiyənin Mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam da öz “Twitter” hesabında Elazığ hava limanına enməsi iddia edilən təyyarənin fotoşəklini paylaşaraq “qara gün dostumuz, qardaşlarımız var olsunlar” sözlərini yazıb.

Ədalət və İnkişaf (AK) Partiyasının Kocaeli il başqanı Mehmet Ellibeş yanvarın 27-də başqanlıqda təşkil edilən idarə heyəti toplantısında çıxış edərək Azərbaycana yardım üçün təşəkkür edib: “Yardım üçün müraciət gözləmədən heyəti təyyarə ilə səssiz-sədasız Elazığa göndərən başda Azərbaycan olmaq üzrə dost və qardaş ölkələrə təşəkkür edirik”, - M. Ellibeş bildirib.

Lakin Azərbaycanda rəsmilər yardım təyyarəsinin Elazığa getmədiyini, yayılan məlumatın yalan olduğunu açıqlayıblar. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda xəbər təkzib olunub: “Bu məlumat sosial şəbəkələrdən götürülüb və paylaşılıb. Əslində belə bir addım hələlik atılmayıb. Əgər yardım göndərilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.



Türkiyə mətbuatı fotoşəkli araşdırıb və məlum olub ki, fotoya  Jetphotos və Flickr üzərindən daxil olmaq mümkündür. Bu zaman aydın olur ki, Azərbaycan Hava Yollarına aid həmin təyyarə 25 yanvar 2018-ci il tarixində İsveçrənin Zürih şəhərinin Kloten aeroportunda eniş edib və fotoşəkil Paul Buchroder tərəfindən çəkilib. İddiada yer alan təyyarənin quyruq hissəsindəki “4K-A 107” bort nömrəsi də diqqət çəkir. Bu nömrə ilə axtarış etdikdə isə məlum olur ki, AZAL-a məxsus həmin Airbus A320-200 model təyyarəsinin son səfərini 15 yanvar 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən edilib. Yəni zəlzələ zamanı və ondan sonra həmin təyyarə Elazığa enməyib, oradan uçmayıb.

Belə görünür ki, Türkiyənin mədəniyyət nazirinin müavini və digər rəsmilər də “fake” xəbərə aldanaraq paylaşım ediblər.



Xatırladaq ki, Yanvarın 24-də Türkiyənin Elazığ və Malatya bölgələrində 6.8 bal gücündə baş vermiş yeraltı təkanlar nəticəsində 40 nəfər ölüb, 1607 nəfər yaralanıb. Onlardan 1520-si artıq xəstəxanadan evə buraxılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Elazığda baş vermiş güclü zəlzələilə bağlı başsağlığı məktubu ünvanlayıb və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

SON XƏBƏR / BANNER / GÜNDƏM / SİYASƏT / İDMAN
Tarix: 29-01-2020, 16:15