mobil versiya

DİN Arlem Dezirə cavab verdi: "O "jurnalistlər" etiraz aksiyasında iştirak edirdilər"






ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir dünən, Bakıdakı MSK binasının qarşısında qanunsuz etiraz aksiyası keçirən jurnalistlərə qarşı zorakılıq tətbiq edilməsi və saxlanılması ilə əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanlarını tənqid edib. Arlem Dezir, hüquq-mühafizə orqanlarının jurnalistlərin azadlıq hüququna hörmət etməli olduqlarını qeyd edərək, insidentin tez bir zamanda araşdırılmasına və günahkarların cəzalandırılmasına çağırıb.
ATƏT nümayəndəsinin bu açıqlamasına münasibət bildirmək üçün virtualaz.org Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət edib.
E.Zahidov deyib: “Bildiyiniz kimi, fevralın 11-də Bakıda MSK-nın binası önündə bir qrup şəxsin şəhərin icra orqanları ilə razılaşdırılmamış mitinq keçirmək cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alındı və ictimai asayiş bərpa olundu. Bu zaman xəsarət alan və həbs olunan olmadı.


Lakin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir təmsil etdiyi ATƏT kimi nüfuzlu bir təşkilatın öhdəlik və missiyasına zidd olaraq həmin hadisə ilə əlaqəli yoxlanılmamış, əsassız və uydurma məlumatlar əsasında polisi jurnalistlərə qarşı amansız rəftarda, həbs və zorakılıqda ittiham edir. Düşünürəm ki, bu onun ya qeyri-peşəkarlığının, ya da Azərbaycanda, onun paytaxtı Bakı şəhərində ictimai asayişi pozmağa cəhd edən şəxslər müdafiə etməyinin təzahürüdür.

Qeyd edilən qanunsuz hərəkətlərin qarşısı alınarkən onun özünün də yaxşı tanıdığı və bələd olduğu Avropa polisindən fərqli olaraq Azərbaycan polisi həmin gün öz xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlməklə yanaşı, etirazçı qrupun, orada olan mətbuat nümayəndələrinin hər biri ilə qanunauyğun davrandı, yüksək humanistlik və təmkinli davranış sərgilədi. Amma Arlem Dezirin tərəfində durduğu, guya polis şiddətinə məruz qalmış KİV təmsilçiləri nəinki polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olurdu, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, asayiş keşikçilərini təhqir edir, onlara qarşı nalayiq ifadələr işlədirdilər”.

E.Zahidov əlavə edib ki, bütün bunlara baxmayaraq, polis yenə də öz təmkinli davranışını sonadək qoruyub: “Bu cənab İddia edir ki, polis KİV nümayəndələrinə hadisəni işıqlandırmağa imkan verməyib. Əgər onun dediyi kimidirsə, həmin razılaşdırılmamış aksiya başlayandan qarşısı alınanadək bütün sosial şəbəkələrdə paylaşılan o çoxsaylı canlı yayımlar, video və fotoşəkillər necə çəkilmişdir?

Ona görə də, bir daha ATƏT nümayəndəsinin diqqətinə çatdırıram ki, qeyd olunan hadisə zamanı orada olan KİV təmsilçilərinə qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq olmayıb, onların öz vəzifələrini yerinə yetirmələrinə maneçilik yaradılmayıb. Onun jurnalist adlandırdığı və barmağından, üzündən zədə almış birisi varsa, deməli o, KİV nümayəndəsi olmayıb, qanunsuz aksiyanın polisə müqavimət göstərən ən fəal üzvlərindən biri olub.
Ümid edirik ki, bundan sonra Arlem Dezir öz fəaliyyətində, hər hansı məsələyə münasibətində həqiqəti deyəcək, obyektiv olacaq və konkret faktlara istinad edəcək”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 14-02-2020, 15:48