Nazirin xəstə olması və işə çıxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bir neçə gündür sosial şəbəkələrdə mədəniyyət naziri Əbülfəs Qarayevin işə çıxmaması, səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb.
REPORTYOR.AZ musavat.com-a istinadən xəbər verir ki, iddiaları dəqiqləşdirmək üçün nazirin özü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə Musavat.com-a açıqlamasında yayılan məlumatları təkzib edib.
İntiqam Hümbətov Əbülfəs Qarayev haqqında yazılanların həqiqəti əks etdirmədiyini söyləyib və əlavə edib ki, nazir iş başındadır.
Daha sonra İntiqam Hümbətov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) nazirlikdə keçirdiyi əməliyyatla bağlı sualları cavablandırmaq istəməyib. Xüsusi ilə də əməliyyat zamanı özünün saxlanılması haqda danışmaq istəməyib. Bu haqda növbəti yazıda daha ətraflı məlumat verəcəyik.
İ.Hümbətov bildirib ki, DTX rəsmi məlumat yayıb və hazırda istintaq davam edir.
Xatırladaq ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.
İttihama görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 19-05-2020, 15:05