Həkim əhaliyə çağırış etdi - “Evlərinizi tərk etməyin!” - VİDEO
Bu vaxtadək ölkəmizdə COVİD-19 virusundan sağalan 10 minə yaxın insanın müalicəsində həkimlərin fədakarlığı böyük rol oynayıb. Təəssüf ki, bəzən müalicə prosesində həkimlərin özləri bu virusa yoluxurlar. Sıradakı reportajımız onlardan biri haqqındadır.
COVİD-19-un ölkəmizdə yayıldığı ilk günlərdən koronaviruslu xəstələrin müalicəsində iştirak edən həkimlərdən biri də Nicat Əzimlidir. 3 ildir həkim-infeksionist kimi çalışan Nicat həkim mart ayından xüsusi rejimli xəstəxanada koronaviruslu xəstələrin müayinə və müalicəsi ilə məşğul olub. Amma bir neçə həftə əvvəl o da koronavirusa yoluxanların sırasına düşüb. Hazırda ev şəraitində müalicəsi davam edən həkim tezliklə iş başına qayıtmaq arzusundadır.
Nicat Əzimli – həkim-infeksionist: "Biz həkimlər olaraq bu gün çox böyük yük altındayıq, yəni bu işin nə qədər ağır olduğunu artıq hər kəs bilir. Bizim yükümüzü azaltmaq üçün bizim xalqın dəstəyinə ehtiyacımız var, mütləq şəkildə işimə geri dönməyi planlaşdırıram. Çünki bizlərin, dediyim kimi, kənarda qalması neçə-neçə insanın həyatını itirməsinə səbəb ola bilir".
Həkim Nicat Əzimli deyir ki, testin nəticəsi pozitiv çıxanlarla yanaşı koronavirus simptomlarını özündə hiss edən şəxslər də müayinəni gözləmədən dərhal özünü ailə üzvlərindən təcrid etməlidirlər. Koronavirusdan həyatını itirən həkimlərə görə təəssüfləndiyini deyən Nicat Əzimli gənc həmkarlarına da səsləndi.
Nicat Əzimli – həkim-infeksionist: "Bir çoxları yaş faktoru və yaşla əlaqədar klinik xəstəlikləri çox olması səbəbindən, dediyim kimi, həyatını itirirlər. Bu halın qarşısını almaq üçün xüsusi ilə gənc həkimlərimizə müraciət etmək istərdim: bizlər bu gün ön sıralarda olmalıyıq, bizlərin bu gün kənarda qalmağımız yaşlı həkimlərimizin daha çox yoluxma riskini artırır və onlar həyatlarını itirirlər. Gəlin biz birlikdə bu xəstələrin müalicəsinə qoşulaq və qorxmadan, çəkinmədən yaxından mübarizə aparaq".
Koronavirusa yoluxan həkim Nicat Əzimli əhaliyə səslənərək mümkün qədər evlərini tərk etməməyə, sosial məsafəni qorumağa, tibbi maskadan istifadə etməyə çağırdı.
Qeyd edək ki, bu vaxtadək azı 681 tibb işçisi koronavirusa yoluxub. Onlardan bəziləri, təəssüf ki, virusun qurbanı olub.
SON XƏBƏR / KARUSEL
Tarix: 1-07-2020, 12:08