Vatsapda lotereya adı ilə minlərlə insanı aldatdılar
Son aylar Vatsap ani mesajlaşma mübadilə sistemində onlayn lotereyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.
DİN-dən Axar.az-a verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotereya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində Vatsap qrupları yaradaraq guya onlayn lotereya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotereya təşkil etdikləri 2 Vatsap qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadi, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib.
Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların beşqat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadi təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotereya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırırq.
SOSİAL / ÖLKƏ
Tarix: 12-09-2022, 17:17