Hindistan G-20 sammitinə bir sıra ölkələri qonaq qismində dəvət edəcək
İyirmilik Qrupunun (G-20) yeni prezidenti olan Hindistan bir sıra ölkələri gələn il sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G-20 sammitinə qonaq qismində dəvət edəcək.
Bura Banqladeş, Misir, Mavrikiy, Hollandiya, Nigeriya, Oman, Sinqapur, İspaniya və BƏƏ daxildir. Hindistan həmçinin Beynəlxalq Günəş Alyansını, Təbii Fəlakətlərə Davamlı İnfrastruktur Koalisiyasını və Asiya İnkişaf Bankını qonaq beynəlxalq təşkilatlar kimi dəvət edəcək.
Bu, Hindistanın 2022-ci il dekabrın 1-də G-20-yə sədrlik etməyə hazırlaşdığı bir sıra elanların birincisidir. Hindistanın sədrliyi gələn il noyabrın 30-dək davam edəcək.
G-20 19 ölkə və Avropa İttifaqından (Aİ) ibarətdir. Üzv ölkələri Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Koreya Respublikası, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Türkiyə, Böyük Britaniya və ABŞ-dır.
Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar deyib ki, G-20 üzvləri ilə yanaşı, G-20-nin sədrliyinin bəzi qonaq ölkələri və beynəlxalq təşkilatları G-20 toplantılarına və Sammitinə dəvət etməsi ənənəsi var. Hindistanın Sədrliyi altında 2022-ci ilin dekabrından başlayaraq ölkə daxilində G-20 ilə bağlı 200-dən çox görüşə ev sahibliyi etməsi gözlənilir.
Ümumilikdə G-20 qlobal ÜDM-in 85 faizini, beynəlxalq ticarətin 75 faizini və dünya əhalisinin üçdə ikisini təşkil edir ki, bu da onu beynəlxalq iqtisadi əməkdaşlıq üçün əsas forum halına gətirir.
Reportyor.az
DÜNYA