mobil versiya

Azərbaycanda tədqiqat nüvə reaktorun yaradılmasına dair təkliflər hazırlanacaq


Azərbaycanın nüvə enerjisindən istifadəyə və bu sahənin inkişafına dair siyasi qərar verilmədiyi üçün bu istiqamətdə hələlik addımlar atılmır. Bu barədə “APA-Economics”ə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda yalnız nüvə elmləri, nüvə texnologiyalarının təməli qoyulur ki, burada da ilkin məqsəd və əsas vəzifə nüvə elmləri və texnologiyalarının inkişafı üçün zəruri olan avadanlıqların müəyyən olunması, kadrların yetişdirilməsi və lazımı şərait yaradıldığından sonra təkliflərin hazırlanmasıdır.
“Ölkə başçısının 8 may 2014-cü il tarixli sərəncamında uyğun olaraq, hazırda Azərbaycanda tədqiqat nüvə reaktorun yaradılması haqqında təkliflərin hazırlanıb verilməsi gündəmdədir. Bu sahədə işlər Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə aparılır. İcra olunacaq bu layihələr nəticəsində Azərbaycan hökumətinə təkliflər işlənilib təqdim olunacaq ki, bizə hansı gücdə və hansı tipdə tədqiqat nüvə reaktoru lazımdır. Onu da qeyd edim ki, tədqiqat nüvə reaktorun yaradılması haqqında siyasi qərar hələ verilməyib. Çünki bu, böyük kapital tutumlu texnologiyadır və onun yaradılması yalnız dövlət tərəfindən həll oluna bilər”, - deyə A. Qəribov qeyd edib. 
Nüvə enerjisindən istifadəyə gəldikdə, A.Qəribovun fikrincə, ilk növbədə, ölkənin hazırkı energetikasisteminin spektr analizinin aparılması, daxili tələbatın və istehsal oluna biləcək enerjinin ixrac potensialının öyrənilməsi nəticəsində ola bilsin ki, gələcəkdə Azərbaycanda nüvə enerjisindən istifadə məsələsi də gündəmə gəlsin.
“Müasir dövrdə üzvi yanacaq növlərinin enerji təminatında istifadə olunması böyük qlobal ekoloji problemlərlə əlaqəli olduğundan və bu ehtiyatların tükəndiyini nəzərə alaraq, alternativ enerji mənbələrinin axtarışına xüsusi önəm verilir, alternativ enerji mənbələrinin istifadəsi sahəsində geniş miqyaslı layihələr həyata keçirilir. Hesablamalar göstərir ki, günəş və külək kimi alternativ və bərpa olunan enerji ehtiyatları, maksimal enerji təminatının yalnız 20-25%-nı təşkil edir. Stabil energetikanın təminatı üçün bunlardan istifadə etmək mümkün deyil. Məhz ona görə digər alternativ enerji növlərinə, o cümlədən nüvə, termonüvə və s. alternativ enerji növlərinin istifadəsi uzaq və yaxın gələcəkdə labüddür. Bu sahədə dünya miqyaslı qlobal layihələr həyata keçirilir”, - deyə A. Qəribov qeyd edib. 
QSC sədri əlavə edib ki, bu gün hər bir dövlət energetik sistemlərinin effektivliyini və enerji mənbələrinin potensiallarını və təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı layihələr həyata keçirir.
“Hesab edirəm ki, Azərbaycanın da bu sahədə atdığı addım, yəni nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üçün “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin yaradılması və burada genişmiqyaslı, yəni təkcə nüvə deyil, termonüvə və s. prosesləri əhatə edən işlərin aparılması, məhz uzaqgörən siyasətin nəticəsidir. İstisna deyil ki, yaxın gələcəkdə həmin alternativ enerji növlərindən kompleks şəkildə birgə istifadə imkanları gündəmə gəlsin”, - deyə A. Qəribov bildirib.
 
Hüseyn Vəliyev /APA/





GÜNDƏM / ÖLKƏ
Tarix: 28-08-2019, 09:28