Yunis Səfərovun apellyasiya şikayəti rədd edilib
Bakı Apellyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
REPORTYOR.AZ Trend-ə istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul olunub. Məhkəmənin qərarı ilə Yunis Səfərov və digərlərinin apellyasiya şikayəti rədd edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2018-ci il iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.
KARUSEL
Tarix: 15-04-2022, 18:42