"Neftçi"nin rəqibi Bakı səfəri öncəsi problemlərlə üzləşib
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubu problemlərlə üzləşib.
REPORTYOR.AZ "report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Patrik Qrayl "Austriya" (Klagenfurt) ilə II tur matçının 57-ci dəqiqəsində meydanı tərk etməli olub.
Qrayl oyun başa çatdıqdan sonra bud nahiyəsində ağrı hiss etdiyini bildirib. MRT müayinəsindən sonra onun zədəsinin ciddilik dərəcəsinə aydınlıq gələcək.
Həmçinin, Vyana klubunun müdafiəçisi Emanuel Ayvunun Bakıya gətiriləcəyi sual altındadır. 21 yaşlı Nigeriya əsilli futbolçu İtaliya A Seriyasının debütantı "Kremoneze"dən təklif alıb. İtaliya klubu futbolçuya görə 3,8 milyon avro ödəməyə hazırdır.
Baş məşqçi Ferdinand Feldhofer "Austriya" ilə oyunda Ayvunu oynatmamasının səbəbini açıqlayıb və ona gələn təklifdən danışıb: "Emanuelin heç bir problemi yoxdur. Bizdə bu həftə ingilis həftəsidir (sıx qrafiki nəzərdə tutur - red.). Ona görə də bir neçə oyunçunu Vyanada saxladıq ki, yaxşı bərpa olunsunlar. Gizli deyil ki, Ayvu bir neçə klubla danışıqlar aparır. Xüsusən, bir klubla danışıqlar kifayət qədər inkişaf edib. Bu həftə də bizimlə olsa, Bakıdakı səfərə qoşulacaq".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
KARUSEL / İDMAN
Tarix: 1-08-2022, 11:00