Hərbçilərə işgəncə verən general Bəkir Orucovu hansı cəza gözləyir?
“Tərtər işi” ilə bağlı daha bir neçə nəfər həbs edilib. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun da “Tərtər işi” ilə bağlı həbs olunduğu təsdiqlənib. Onun ittiham olunduğu maddələr də məlum olub.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrumetmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bəs görəsən, general neçə il azadlıqdan məhrum ediləcək?
REPORTYOR.AZ xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev istintaqı gözləməyin lazım gəldiyini söyləyib:
“Tərtər işi” ilə bağlı cinayət işi hələ də davam edir. Orada bir çox maddələr var. Lakin işgəncə ilə adamöldürmə ən ağırıdır. İstintaqın nəticəsini gözləmək lazım gələcək.
Çünki bu başdan ona hansı maddələrin veriləcəyini bilmək olmaz. Sübut olunsa ki, bu general-mayorun insanlara işgəncə verilməsində, onların həlak olmasında iştirakı var, ağır cəzalara məhkum ediləcək. Ola bilsin ki, o özü etməyib, kimsə edib. General sadəcə təhrikçi olub. O zaman da ağır cəza gözləyir”.
Hüquqşünas qeyd edib ki, qətllərdə onun və digərlərinin iştirakı təsdiq olunarsa, ömürlük həbs cəzası tətbiq oluna bilər:
“Cinayətin ağırlığı və qrup halında olması da nəzərə alınacaq. 20-dən çox insan işgəncələrlə həlak olub. Əgər bu adamın orada iştirakı hansısa bir formada varsa, onun və digərlərinin hamısını ömürlük həbs cəzası gözləyir”.
Ə.Mustafayev əlavə edib ki, ən aşağı cəza 15 il olacaq:
“Kimlər birbaşa iştirak etməyib, bilib, xəbər etməyib və öz səlahiyyətlərini həyata keçirməyiblərsə, onlara da ağır cəza tətbiq olunacaq. Ən aşağısı 15 il cəza alacaqlar. Birbaşa iştirak edənləri ömürlük həbs cəzası gözləyir”.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 5-09-2022, 14:00