mobil versiya

Keçmiş səfir Azərbaycan Ağsaqqallar Şurasına üzv qəbul edilib



Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç öz istəyi ilə Respublika Ağsaqqallar Şurasında qəbul edilib.
Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın dostu, sabiq səfir Hulusi Kılıçla görüşdən məmnunluğunu bildirən Şuranın sədri, deputat, professor Eldar Quliyev qurumun fəaliyyəti, eyni zamanda, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə davamlı inkişaf etdirilən sıx əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, məqsəd dövlətimizə, xalqımıza xidmət etmək, gənclərimizin maarifləndirilməsində, onların zərərli vərdişlərdən, xarici təsirlərdən uzaq sağlam təməllər üzərində yetişmələrində yaxından iştirak etməkdir.
Eldar QuliyevUlu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə bir çox tədbirlərin, o cümlədən Türk dövlətlərinin ağsaqqallarının iştirakı ilə böyük konfransın keçiriləcəyini bildirib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov da uzun illər dostluq münasibətlərinin olduğu Hulusi Kılıçın xalqımız və dövlətimiz tərəfindən sevildiyini bildirərək, gələcəkdə onunla birgə çalışmaqdan məmnun olduqlarını ifadə edib.
Səmimi görüşə görə təşəkkürünü ifadə edən sabiq səfir iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycanı özünə doğma Vətən hesab etdiyini bildirən Hulusi Kılıç qürurla “mən hər bir azərbaycanlıdan daha çox azərbaycanlıyam” deyərək, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində yaxından iştirak edəcəyini söyləyib.
Daha sonra ön sözünün müəllifi olduğu “Zəfərin zərif gücü Mehriban Əliyeva” kitabını Eldar Quliyevə təqdim edən Hulusi Kılıç Şurada yaradılan işgüzar şəraitlə tanış olub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 22-12-2022, 18:26