ABŞ Putinin bayram atəşkəsi haqqında bəyanatını arsızlıq adlandırıb
Cümə axşamı ABŞ Rusiya prezidenti Vladimir Putinin Milad Bayramında müvəqqəti atəşkəs elan etmək çağırışını qəbul etməyərək, bunu yenidən qruplaşmaq və Ukraynaya yeni hücum həyata keçirmək üçün "arsız hiylə" adlandırıb.
Mətbuat katibi Ned Prays belə deyib: "Bunu daha şiddətli, daha ölümcül yeni hücum üçün edirlər", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Prays gündəlik brifinqdə jurnalistlər qarşısında çıxışında açıq şəkildə bildirib ki, Vaşinqton Putinin səmimiliyinə çox az inanır və əlavə edib ki, Kreml məmurları "onlara inanmaq üçün bizə heç bir əsas verməyib".
Putin bu cür çağırışlarla Qərbi manipulyasiya edir? Bu suala cavabda Prays deyib ki, əgər belədirsə, Putin "yanılır".
Praysın şərhi cümə axşamı ABŞ və Almaniyanın Ukraynaya əlavə döyüş texnikası göndərmək barədə razılıq əldə etməsindən sonra səslənib və bu qərar Kiyevin Rusiya ilə mübarizə üçün Qərbdən daha güclü tankları əldə edəcəyi mənasına gələ bilər. Belə ki, Vaşinqton Bradley zirehli maşını göndərəcək, Almaniya isə Ukraynaya Marder piyada döyüş maşını göndərmək niyyətindədir.
Amerikanın Ukrayna üçün təxminən 2,8 milyard dollar dəyərində yeni hərbi yardım paketinə 50-yə yaxın Bradley avtomobili daxil olacaq. Paketin bu gün təqdim ediləcəyi gözlənilir. (AzPolitika.info).
KARUSEL / DÜNYA
Tarix: 6-01-2023, 12:11