mobil versiya

Hindistanla Azərbaycan arasında ticari dövriyyə ötən il 1,859 milyard ABŞ dolları təşkil edib



Hindistanın Bakıdakı Səfirliyi, Texprocil və Founder Klub ilə birlikdə Azərbaycan və Hindistan tekstil şirkətlərinin nümayəndələrinin iştirakı ilə hibrid rejim tekstil sektoru üzrə Hindistan-Azərbaycan Biznes Görüşü təşkil edib. 20-yə yaxın Azərbaycan şirkəti tədbirdə fiziki rejimdə iştirak etmək üçün JW Marriott Absheron Baku-da toplaşıb, hindistanlı həmkarları isə virtual rejimdə tədbirə qatılıblar.

1954-cü ildə yaradılan Pambıq Məhsulları İxracının Təşviqi Şurası və ya Texprocil pambıq tekstil sənayesinin beynəlxalq siması olub, Hindistan şikətlərinin bütün dünyaya pambıq məhsulları ixracını asanlaşdırır.

Hindistanın Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Vinay Kumar açılış nitqində Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu vurğuladı. O, Hindistan tekstil məhsullarının və geyimlərinin dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da həm yerli sahibkarlar, həm də digər qlobal françayzinqlər tərəfindən satışı vasitəsilə artıq yaxşı tanındığını xatırladıb və Hindistanın Azərbaycanda bu sektordakı bazar payının artırılması üçün böyük potensialın olduğunu vurğulayıb. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə Hindistan şirkətləri barədə daha ətraflı məlumatı www.indianbusinessportal.in portalından əldə etmək olar.

Tədbirdə əsas məruzə ilə çıxış edən Texprocil şirkətinin icraçı direktoru Dr Siddhartha Rajaqopal bu işgüzar görüşün Hindistan şirkətləri üçün Azərbaycan bazarı haqqında daha çox məlumat əldə etmək və bu bazara çıxış üçün faydalı bir platforma olduğunu bildirib. O, həmçinin Texprocil-in 22 və 23 mart 2023-cü il tarixlərində Yeni Dehlidəki Leela Ambience Convention otelində “Ind-Texpo” sərgisini təşkil edəcəyi barədə bəlumat verib. "Ind-Texpo" Sərgisi Texprocil-in ən önəmli tədbiri olub, idxalçılar və ixracatçılar arasında ikitərəfli görüş formatında təşkil olunacaq. Azərbaycanlı iş adamlarının Hindistanda keçiriləcək sərgidə iştirak etməsi və Hindistanlı təchizatçılarla iş görmək imkanı əldə etməsi üçün Texprocil seçilmiş iştirakçıların (məbləğ məhdudiyyəti əsasıında) uçuş bileti və oteldə gecələmə xərclərini ödəyəcək. Sərgi zamanı, ziyarətçi şirkətlər üçün müvafiq sərgi iştirakçıları ilə xüsusi B2B görüşlər təşkil olunacaq.

Tədbir zamanı, Founder Klubun Beynəlxalq Əlaqələr üzrə Meneceri Ləman Əzizli Azərbaycan tekstil idxalçılarının əməkdaşlığa marağından və iki ölkə arasında tekstil sektorunda əməkdaşlıq potensialından danışıb.

Görüşdə, pambıq iplikləri, parçalar, uniformalar, ev tekstili və hazır geyim istehsalı ilə məşğul olan 10 Hindistan şirkətinin nümayəndələri öz şirkətləri, istehsal gücü və ixrac potensialı haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra, Azərbaycanın tekstil şirkətlərinin təqdimatları və sual-cavab hissəsində Hindistan və Azərbaycan şirkətləri arasında səmərəli işgüzar müzakirələr aparılıb.

Azərbaycanın statistikasına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 156,5% artaraq 1,859 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-01-2023, 16:51