mobil versiya

İran və Səudiyyə 7 il sonra diplomatik münasibətləri bərpa etdi




İran və Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra diplomatik münasibətləri bərpa edib.
İki ölkənin xarici işlər nazirləri bu gün Pekində keçirilən görüşdə müvafiq saziş imzalayıblar. Sazişə əsasən, səfirliklər və konsulluqlar iki ay ərzində açılmalıdır.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşünün müsbət keçdiyini bildirib. İranlı nazir əlavə edib ki, danışıqlarda sabitlik, davamlı təhlükəsizlik və regional inkişaf məsələləri müzakirə olunub.
“Reuters” xəbər verir ki, bu, 2016-cı ildən bəri iki ölkə nümayəndələri arasında bu səviyyədə ilk birbaşa görüşdür.
Yaxınlaşma Çinin vasitəçiliyi ilə baş tutub. Martın əvvəlində tərəflər diplomatik münasibətləri bərpa etməyə hazır olduqlarını bəyan ediblər. Barışıq yolunda ilk addım olaraq xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.
2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə şiə husi üsyançılarına qarşı hərbi əməliyyata başlaması ilə Ər-Riyad və Tehran arasında münasibətlər çıxılmaz vəziyyətə düşmüşdü. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinə etirazçılar tərəfindən hücum edildikdən sonra İranla diplomatik əlaqələri kəsmişdi.
Martın 11-də Avropa İttifaqı bəyanat yayaraq Tehran və Ər-Riyad arasında münasibətlərin nizamlanmasını alqışlayıb.
“Həm Səudiyyə Ərəbistanı, həm də İran regionun təhlükəsizliyində mərkəzi rol oynadıqları üçün onların ikitərəfli münasibətlərinin bərpası bütövlükdə regionun sabitləşməsinə töhfə verə bilər. Sülh və sabitliyin təşviqi və bütövlükdə Yaxın Şərqdə gərginliyin azaldılmasına nail olmaq Aİ üçün əsas prioritetlərdir”, – bəyanatda bildirilirdi.
KARUSEL / DÜNYA
Tarix: 6-04-2023, 17:09