mobil versiya

“Qazaxıstan və Azərbaycan arasında Ali Dövlətlərarası Şura yaradılacaq” - Tokayev



“Report” “Sputnik-Kazakhstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.
Tokayevin sözlərinə görə, Azərbaycan Prezidentinin Astanaya səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. O, ötən il Bakıda “Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiq qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamənin, eləcə də “2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Kompleks Proqramın imzalandığını xatırladıb.
"Bu gün də bir sıra mühüm sənədlər qəbul olunub. Bundan əlavə, biz Ali Dövlətlərarası Şura yaradırıq ki, bu da şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək", - Qazaxıstan Prezidenti bildirib.
Tərəflər mədəniyyət sahəsində əlaqələrin dərinləşdiyini xüsusilə qeyd ediblər.
Tokayev iki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi ilə bağlı əldə olunan razılaşmanın əhəmiyyətini vurğulayıb və elə bu il Qazaxıstanın Mədəniyyət Günlərinin baş tutacağını qeyd edib.
O bildirib ki, Azərbaycan liderinin səfər proqramına Astana şəhərində Heydər Əliyevin adını daşıyan küçənin açılışı da daxildir.
“Bu gün biz Azərbaycanın Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin açılışında iştirak edəcəyik. Bu hadisə Azərbaycan xalqının dahi oğlunun yüz illik yubileyinə həsr olunur”, - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun Qazaxıstan xalqı adından hədiyyə olduğunu bildirib.


KARUSEL / SİYASƏT
Tarix: 10-04-2023, 16:11