mobil versiya

Hindistandakı etnik zəmində toqquşmalarda 60 nəfər ölüb



Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında etnik zəmində toqquşmalar nəticəsində ölənlərin sayı 60-a çatıb, 231 nəfər müxtəlif bədən xəsarəti alıb.
AZƏRTAC Hindistan mediasına xəbər verir ki, ştatın böyük naziri Nonqthombam Biren Sinqh mayın 3-də başlayan toqquşmalar nəticəsində təxminən 1700 evin yandırıldığını və ya dağıdıldığını bildirib. O, qanlı hadisələr nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 20 min sakinə, habelə köməksiz vəziyyətdə olan 10 min nəfərə hökumətin dəstək göstərdiyini deyib.
Ştatın əhalisinin təxminən 60 faizini təşkil edən hindu meytey icması ilə Naqas və Kukis xristian qəbilələri arasında onilliklər boyu davam edən düşmənçilik münasibətlərinin yenidən qızışması qanlı toqquşmalara səbəb olub. Meytey icması 20 ildir ki, qəbilə statusu almaq istəyir. Bu status müxtəlif maddi və sosial imtiyazları, habelə dövlət işinə və ali məktəblərə qəbul zamanı xüsusi kvotanı təmin edir. Ötən ay ştatın ali məhkəməsi ştat hökumətini meytey icmasının qəbilə statusu almaq üçün müraciətinə baxılmasına çağıran qərar qəbul edib. Ştatın Ümumqəbilə Tələbə İttifaqının məhkəmənin qərarına etiraz olaraq Çuraçandpur rayonunda başladığı aksiya toqquşmalarla nəticələnib. Tezliklə toqquşmalar digər rayonlara, habelə ştatın paytaxtı İmfal şəhərinə yayılıb. Toqquşmalar zamanı yüzlərlə bina və avtomobil yandırılıb, dükanlar, kafelər, hotellər, habelə 30-a yaxın kilsə dağıdılıb və ya yandırılıb. Zorakılıqlar səbəbindən təxminən 20 min nəfər evlərini tərk edərək, daha təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb. Eskalasiyanın qarşısını almaq üçün 20 min nəfər ordunun nəzarətindəki düşərgəyə yerləşdirilib. Bəzi yaşayış məntəqələrində məktəblər, iş yerləri, dükanlar hələ də bağlıdır. Toqquşmaların qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün bölgədə tətbiq olunan komendant saatı bir qədər yüngülləşdirilib, lakin bəzi məhdudiyyətlər hələ də qüvvədədir, internetə çıxış yoxdur. Polis və yarımhərbi qüvvələr toqquşmaların qarşısını ala bilmədiyi üçün əraziyə ordu qüvvələri cəlb edilib. Onlara asayişi pozanların yerindəcə güllələnməsi əmri verilib. Yerli hökumətin məlumatına əsasən, təhlükəsizlik qüvvələri asayişi pozan bir neçə nəfəri zərərsizləşdirib.
Hindistanın federal daxili işlər naziri Amit Şah televiziya ilə xalqa müraciətində Manipur ştatındakı vəziyyətin nəzarət altına alındığını açıqlayıb.

KARUSEL / DÜNYA
Tarix: 9-05-2023, 10:03