Bakıda baş vermiş yanğında binanın 840 kv. metr sahəsi yanıb
İnşaatçılar prospektində baş vermiş yanğın nəticəsində beşmərtəbəli binanın 840 kvadrat metr sahəsi yanıb.
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hadisə yerinə 18 texnika və 90 şəxsi heyət cəlb edilib.
“Saat 7:02-də Qüvvələrin İdarəetmə Xidmətinin 101 mərkəzinə İnşaatçılar prospekti 80 ünvanında yanğın baş verməsi haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə ilk olaraq Yasamal Dövlət yanğından mühafizə hissəsinin yaxınlıqda olan qüvvələri cəlb olunub. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğının nəzərə alaraq dərhal hadisə yerindən çağırış işi təyin edilib. Bununla da Bakı qarnizonunun qüvvə və vasitələri yanğın söndürülməsinə cəlb olunub. Yanğına ümumilikdə 18 əsas və xüsusi texnika və 90 nəfər şəxsi heyət cəlb olunub. Binanın yanan əsas hissəsi dam örtüyüdür. Bina 5 mərtəbəlidir. Onun 4 mərtəbəsi yaşayış üçün nəzərdə tutulub və dəhliz tiplidir. Orada əvvəllər emalatxanalar fəaliyyət göstərib. Sonra orada müəyyən otaqlar özəlləşdirildikdən sonra digər formada fəaliyyət göstərib. Ümumilikdə binanın dam örtüyünün sahəsi 1640 kvadratdır. Onun 840 kvadrat metri yanğına məruz qalıb. Digər hissəsi isə mühafizə olunub. Bunla yanaşı aşağı mərtəbələr mühafizə olunub. Hazırda yanğın texnikaları işləməkdədir. 9:29 dəqiqədə tam söndürülüb. Dam örtüyünün dəmir lövhələri təmizləndikcə təhlükə törədən mənbələr söndürülür. Yanğının hansı səbəbdən baş verdiyi istintaq qrupunun işindən sonra məlum olacaq” – deyə o qeyd edib.
KARUSEL / HADİSƏ
Tarix: 23-06-2023, 10:21