Yaxın günlərdə Laçın rayonunun Zabux kəndinə köç başlayacaq
Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Qurumdan bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Tezliklə daimi yaşayış üçün Zabux kəndinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Zabux kəndinə yola salınacaqlar.
Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Zabux kəndində birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir.(azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2023, 15:49