Bayden Mərkəzi Asiya liderləri ilə görüşüb
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında C5+1 dialoq formatında Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.
Ağ evin mətbuat xidməti xəbər verir ki, görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.
Sammit tarixdə ilk dəfə C5+1 formatında yüksək səviyyədə keçirilən tədbir olub və BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub. Co Bayden görüş zamanı deyib: "Düşünürəm ki, bu, tarixi bir məqamdır. Biz Mərkəzi Asiya ilə ABŞ arasında münasibətləri uzun illər davam edən sıx əməkdaşlıq, suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı ortaq öhdəliyə əsaslanan əməkdaşlıq üzərində qururuq".
ABŞ-ın əməkdaşlığı yeni zirvələrə qaldırdığını qeyd edən Co Bayden bildirib ki, Vaşinqton Mərkəzi Asiya regionunda təhlükəsizliyin maliyyələşdirilməsi, terrorla mübarizə, iqtisadiyyat, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin gücləndirilməsi və bir sıra başqa sahələr üzrə əməkdaşlığı gücləndirməyi hədəfləyir. O əlavə edib: "Bu gün səmərəli söhbətinizə görə hamınıza təşəkkür etmək istəyirəm və gələcəkdə daha da böyük işlər görmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm".
KARUSEL / DÜNYA
Tarix: 20-09-2023, 12:07