15 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili Xankəndiyə yola düşüb - PA
Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
"Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.
Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
KARUSEL / SİYASƏT
Tarix: 26-09-2023, 17:46