XIN rəhbəri ABŞ rəsmisi ilə görüşüb, bölgədəki vəziyyət müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 28-də ölkədə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimi qəbul edib. Görüş zamanı Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədə cari vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramov bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının sülh və sabitliyə xidmət edəcəyini diqqətə çatdırıb. Tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkənin həyata keçirdiyi tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verilib.
Hazırda Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığı, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyi diqqətə çatdırılıb. Azərbaycana qarşı səslənən iddiaların əsassız olduğunun, bunun sübut edilməsi üçün Azərbaycanın BMT-nin ölkəmizdəki rezident əlaqələləndiricisinin rəhbərliyi altında BMT orqanlarının Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkil edilməsinə hazır olduğu bildirilib.
C.Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin sülh prosesinə maneçilik törətməkdə davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğu vurğulanıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
KARUSEL / SİYASƏT
Tarix: 28-09-2023, 12:22