Pakistanda orqan alveri edən qruplaşma zərərsizləşdirilib
Pakistanda qanunsuz olaraq kasıbların böyrəklərini çıxarıb varlı insanlara köçürən səkkiz nəfərlik cinayətkar qruplaşma zərərsizləşdirilib. Həbs olunanların biri həkimdir.
BBC News telekanalı xəbər verir ki, cinayətkar qruplaşmanın həyata keçirdiyi 328 əməliyyat zamanı üç donor ölüb.
On üç milyon əhalinin yaşadığı Lahor, həmçinin paytaxt İslamabad yaxınlığında yerləşən Taksila şəhərlərində və Pakistanın Kəşmir regionunda fəaliyyət göstərən qruplaşmanın üzvü həkim Favad Muxtar əməliyyatı evində və bəzi hallarda pasientin icazəsi olmadan aparıb. Əməliyyat zamanı ona avtomexanik işləyən şəxs assistentlik edib. O, həm də xəstəxanada müalicə alan pasientləri qanunsuz əməliyyata gətirirdi.
İstintaqın məlumatına görə, qanunsuz yolla əldə edilən böyrəklər xarici pasientlərə 10 milyon rupiyə (120 min dollar), yerli pasientlərə isə 3 milyon rupiyə satılırdı. Həkim Favad Muxtar buna qədər beş dəfə həbs olunsa da, hər dəfə rüşvətxor polislərin köməyi ilə azadlığa çıxa bilmişdi.
Qeyd edək ki, Pakistanda insan orqanları ticarəti 2010-cu ildə qadağan olunub. Onların xaricə kütləvi satışının qarşısını almaq üçün 10 il həbs cəzası və böyük cərimələr tətbiq edilib. Buna baxmayaraq, əhalisi kasıb yaşayan Pakistanda rüşvətxor polislər sayəsində orqan ticarətinin qarşısını almaq mümkün olmayıb. Yanvar aynda Pəncab polisi itkin düşən 14 yaşlı oğlanı qanunsuz əməliyyatxanada böyrəkləri çıxarılmış şəkildə aşkarlayıb.(Azərtac)
KARUSEL / DÜNYA
Tarix: 3-10-2023, 13:33