mobil versiya

Ali Məhkəmədə yeni sistemin tətbiqinə başlanılıb



Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə daha bir yeniliyə imza atılıb.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Ali Məhkəmənin icraatında olan iş materialları ilə tanış olmaq üçün elektron qaydada müraciət imkanı yaradılıb. Bu imkandan yararlanmaq istəyən proses iştirakçıları məhkəmənin rəsmi internet saytına (www.supremecourt.gov.az) daxil olmaqla “Vətəndaşlar üçün” bölməsinə keçid edərək, “İş materialları ilə tanış olmaq üçün “e-müraciət” altbölməsini seçməlidirlər. Bundan sonra açılan pəncərədə müvafiq xanaları doldurmaqla qeydiyyatdan keçmək mümkündür. Müraciət edən şəxslər işlə tanış olmaq üçün gün və saatı öncədən müəyyən etməlidirlər.
Seçilən gün və saatda müraciətin icra edilməsi mümkün olmadıqda isə bu barədə müraciət edən şəxsə məlumat veriləcək.
Qeyd edilib ki, istirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü daxil olan müraciətlər növbəti iş günündən gec olmayaraq qeydiyyata alınır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-10-2023, 11:55