Azərbaycan və Baltikyanı ölkələr arasında elm və təhsil perspektivləri müzakirə olunub
Bakıda Caspian Energy Club International və LEF Network Azerbaijan-ın birgə təşkilatçılığı ilə Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında yeni texnologiyaların inkişafı və təhsil sahəsində əməkdaşlıq mövzüsunun müzakirəsinə həsr olunmuş B2B Education Forum keçirilib. Forum Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.
Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Səfər zamanı 15 təhsil və yaşıl texnologiya şirkətlərinin rəhbərləri Azərbaycanda biznes tərəfdaşları tapmaq və Azərbaycanda təhsil və yaşıl texnologiyalar sahəsində biznes mühiti haqqında ətraflı məlumat əldə etmək üçün bir araya gəliblər. Layihəyə bu il start verilib və yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq.
İqtisadiyyatın fərqli sahələrini təmsil edən dövlət və özəl şirkətlərin bir çox nümayəndəsinin qatıldığı forum Azərbaycanda Mərkəzi Baltik regionunun müsbət imicini və tanınmasını yaratmaq məqsədi daşıyır.
Forumda Azərbaycanın və Baltikyanı ölkələrin bir sıra dövlət qurumlarının nümayəndələri müzakirələrdə fəal iştirak edərək biznes-hökumət arasındakı dialoqa öz töhfələrini veriblər. Qatılan qonaqlar sırasında Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Edqars Skuya, Estoniyanın Azərbaycandakı səfirliyinin rəhbəri cənab Yaak Lensment, Finlandiyanın Cənubi Qafqazdakı səfir müavini, Təhsilin İnkişafı Fondu nümayəndəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitenin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, Xəzər universitetinin rektoru İradə Xəlilova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Latviya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Katrina Zarina, Turība Biznes Universitetinin İdarə Heyətinin sədri Imants Bergs kimi iştirakçılar yer almışdılar.
B2B Education Forum əsnasında bir sıra maraqlı təqdimatlar nümayiş etdirilmiş, ikitərəfli müzakirələr edilmiş və tanışlıqlar baş tutmuşdur. Tədbirdə Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihə departamentinin rəhbəri Liqa Siçeva “LEF şəbəkə Azərbaycan” layihəsi, Latviya Təhsil və Elm Nazirliyinin Peşə və Böyüklər üçün Təhsil Departamentinin baş eksperti İlze Bulıgina “Təhsil Sinerjisinin Təşviqi: Təhsil Sektorunda Latviya-Azərbaycan əməkdaşlığı və beynəlmiləlləşmə”, Estoniya Triumph Research OÜ-nin baş direktoru xanım Kadri Haljas “Estoniyada Təhsil Texnologiyasının uğur hekayələri”, Finest Future ltd. şirkətinin aparıcı müştərilərlə iş üzrə menecer cənab Henri Hirvikoski “Finlandiyada Təhsil Sistemi: Bura təhsil üçün gəlin, həyatınız üçün qalın” kimi təqdimatlarla çıxış etmişlər.
Panel müzakirəsi çərçivəsində iştirakçılar “İnnovasiya kilidinin açılışı: Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında texnologiya və təhsilin gələcəyinin formalaşdırılmasında əməkdaşlıq yolları” mövzusunu geniş müzakirə etmiş, Baltikyanı ölkələr və Azərbaycan arasında elm, təhsil, texnologiya sahələrindəki əməkdaşlıq və perspektivli layihələr haqqında fikir mübadiləsi aparmışlar.
Daha sonra tədbir 50-dən çox şirkət nümayəndəsinin B2B görüşləri ilə davam etmişdir.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var. (BAKU.NEWS)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-11-2023, 13:17