10 ölkədən 11 qalibə CAREC-in Gender Mükafatı təqdim olunub
Gender bərabərliyinin inkişaf etdirilməsi üzrə ilk CAREC Mükafatı 29 noyabr 2023-cü il tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən mükafatlandırma mərasimində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının 10 üzv ölkəsini təmsil edən 11 təşkilat və şəxsə təqdim olunub. Mərasim 22-ci CAREC Nazirlər Konfransı çərçivəsində təşkil olunub.
CAREC Mükafatı qadınlların gender bərabərliyi, bərabər hüquqlar, habelə gündəlik həyatda, iş yerlərində və icmalarda imkanların təşviq edilməsində göstərdiklərii xüsusi səylərinə görə verilib. O, CAREC-ə üzv ölkələr daxilində gender bərabərliyinin inkişafında mühüm irəliləyişlər əldə etmiş şəxsləri tanımaq və onlara hörmət etmək öhdəliyini vurğulayır. Mükafatla təltif olunanlar arasında qadın hüquqları sahəsində təbliğat və potensialın gücləndirilməsi üzrə “Gender Hub Azerbaijan”, Gürcüstanda gender bərabərliyinin ardıcıl şəkildə dəstəklənməsi üzrə Qadın İnformasiya Mərkəzi və qadınların rəhbərlik etdiyi eko-turizm təşəbbüsü ilə tanınan Çinin Yunnan şəhərindəki Vaipula kəndi də yer alır.
Qazaxıstandakı “Mənzil İnşaat Əmanət Bankı ASC” (Otbasy Bankı) qadınlara fayda verən, onlara əlverişli mənzil əldə etmək imkanı təqdim edən uğurlu “Umai” ipoteka proqramına görə, Qırğızıstanın Qadın İcmalarının Milli Federasiyası isə uşaqların nikahı və gəlin qaçırma kimi məsələlərə diqqət yetirməklə gender əsaslı zorakılıqla mübarizəyə görə mükafatlandırılıb. Monqolustanın Zorakılığa Qarşı Milli Mərkəzi zorakılıq qurbanları üçün hərtərəfli müdafiə sisteminin yaradılmasına verdiyi töhfəyə görə təqdir edilmişdir. Türkmənistan Qadınlar Birliyinin Mərkəzi Şurası ölkə üzrə 880 000-dən çox qadını beş mindən çox yerli təşkilatda bir araya gətirdiyinə görə mükafatlandırılıb. Özbəkistandan olan “Nemolçi” Media Layihəsi qadın hüquqlarının təşviqində və qadınlara qarşı zorakılıqla bağlı ictimai münasibətin yenidən formalaşdırılmasında təsirli töhfələrinə görə təqdir olunub.
Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanda fəaliyyət göstərən “Wonder Women” beynəlxalq şəbəkəsi regional kateqoriyalı mükafata layiq görülüb. İki qabaqcıl qadın lider təltif olunub: Pakistanda qadın hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsinin davamlı müdafiəçisi xanım Fauzia Viqar və Tacikistanda həssas kənd yerlərində qadın və qızları dəstəkləyən fəal Mənzura Əsədova.
Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru xanım Reyçel Tompson əsas çıxışında mükafatla təltif olunan şəxslərin gender normalarına meydan oxumaq, inklüzivliyin təşviq edilməsi, ayrı-seçkilik və gender əsaslı zorakılıqla mübarizə sahəsində müstəsna fəaliyyətini yüksək qiymətləndirib. Gürcüstandan olan jurnalist xanım Elene Kvançilaşvilinin aparıcılığı ilə keçirilən mükafatlandırma mərasimində nailiyyətlərin təntənəsi və gender bərabərliyi uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirməyə birgə təşviq qeyd olunub.
Möhtərəm münsiflər heyəti tərəfindən 200-dən çox namizəd arasından diqqətlə seçilmiş mükafatçılar 2023-cü ilin CAREC Gender Çempionları elan ediliblər. Bu mükafat onlara CAREC tərəfindən təşkil edilən müxtəlif gender tədbirlərində iştirak etmək imkanı verir, şəbəkələşmə imkanlarını təmin edir və qabaqcıl təcrübələrin mübadiləsi üçün tərəfdaşlar arasında əlaqəni asanlaşdırır. Bundan əlavə, onlar CAREC-in liderlik üzrə kouçinq və mentorluq proqramlarından faydalanacaqlar.
Gender Bərabərliyinin Təkmilləşdirilməsi üzrə CAREC Mükafatı 2001-ci ildə başlanmış əhatəli CAREC Proqramı çərçivəsində mühüm təşəbbüs kimi qəbul olunur. Bu proqram Mərkəzi və Qərbi Asiyada inkişafı dəstəkləmək üçün tərəfdaşlıq edən ölkələrin və inkişaf tərəfdaşlığının regional səviyyədə sadiq əməkdaşlığını göstərir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-11-2023, 12:48