Ərdoğan: "Yunanıstanla eyni coğrafiyanı, eyni dənizi paylaşırıq"
Yunanıstanla eyni coğrafiyanı, eyni dənizi paylaşırıq. Keçmişimizə baxsaq, iç-içəyik. Aramızda hələ də həll edə bilmədiyimiz bir çox məsələlər var ki, hər iki ölkə olaraq bunu bilirik. Lakin bu problemlərin gərginlik yaratmasına, hökumətlərimizlə xalqımız arasında fikir ayrılığına səbəb olmasına icazə verib-verməməyimiz öz ixtiyarımızdadır. Bu mənada mən münasibətlərimizdə “yeni səhifə” və “qazan-qazan” prinsipindən danışdım. Türkiyənin beynəlxalq münasibətlərə və diplomatiyaya yanaşmasının əsasını məhz bu prinsip təşkil edir.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan mediasına müsahibəsində deyib. O, dekabrın 7-də Afinada imzalanması planlaşdırılan dostluq münasibətləri və mehriban qonşuluq bəyannaməsi ilə iki qonşu dövlətin ortaq niyyətinin açıq şəkildə ifadə olunacağını bildirib.
Enerji sahəsində əməkdaşlığa da toxunan Türkiyə Prezidenti deyib:
“Hesab edirik ki, enerji bütün ölkələr və cəmiyyətlər arasında əməkdaşlıq və ümumi qazanc mənbəyidir. Biz mübahisələri dialoq yolu ilə həll etmək niyyətindəyik, əməkdaşlığa üstünlük veririk və buna hazırıq”.
İstər siyasi qeyri-sabitlik, istərsə də müxtəlif problemlər səbəbindən dünyada miqrasiyada hərəkətliliyin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən Ərdoğan bunun ortaq problem olduğunu vurğulayıb.(azərtac)
KARUSEL / DÜNYA
Tarix: 6-12-2023, 13:21