Naxçıvanda 18 mindən çox uşaq məktəbəqədər təhsildən kənarda qalıb
“Muxtar respublikada məktəbəqədər təhsil müəsisəsi olan bağçaların çatışmazlığından ümumilikdə 18171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır”.
Bu sözləri bu gün Naxçıvanda sahibkarların iştirakı ilə ilk dəfə keçirilən infoturda APA-nın yerli bürosuna açıqlamasına Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib. O bildirib ki, muxtar respublikada ümumilikdə 20 məktəbəqədər dövlət təhsil müəssisəsi olan bağça fəaliyyət göstərir: “Bu bağçalarda 201 qrup üzrə ümumilikdə 3775 uşaq tərbiyə alır. Bağçalarda orta hesabla ümumilikdə 900-dan çox işçi çalışır. Bir bağçaya düşən işçi sayı orta hesabla 45 nəfər, bir baxçaya düşən uşaq sayı təqribən 220 nəfərdir. Muxtar respublikada məktəbəqədər təhsil müəsisəsi olan bağçaların çatışmazlığından ümumilikdə 18171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Məktəbəqədər təhsil pilləsindən kənarda qalanların 2345-i, yəni 13 faizi Naxçıvan şəhərinin, 15826-sı, yəni 87 faizi isə rayonların payına düşür”.
“Ümumilikdə muxtar respublika üzrə müvafiq yaş qrupu üzrə 21946 uşaqdan yalnız 17 faizi (3775 uşaq) bağçaya gedə bilir. Beləliklə muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır. Bütün bunlar bu sahənin perspektiv inkişafa nə qədər uyğun olduğunu göstərir. Həmçinin qeyd edilən sayda bağçanın muxtar respublikada tikilməsi və fəaliyyətə başlaması özlüyündə məşğulluğun təmin olunmasına böyük töhvələr verə bilər” – deyə Abbas İsmayılov vurğulayıb.
KARUSEL / ÖLKƏ
Tarix: 11-12-2023, 16:57