mobil versiya

Naxçıvanda uşaq bağçalarına qəbul artıq elektron sistem üzərindən aparılacaq



Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələri noyabrın 16-dan başlayaraq ümumölkə informasiya sisteminə inteqrasiya olunur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi–texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi həyata keçirəcək əməkdaşlar üçün təlimlər təşkil edilir.
Qeyd edək ki, bu günə kimi Naxçıvan Muxtar Respublikasındakı məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sistemlərinə inteqrasiya olunmamışdı. Bu da uşaqların bağçalara qəbulunda bir sıra problemlər yaradırdı. Valideynlər uşaqlarını bağçaya yerləşdirərkən çətinliklərlə üzləşirdi.
Məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunduqdan sonra 2024-2025-ci tədris ilindən artıq valideynlər uşaqlarının bağçalara qəbulunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirə biləcəklər. Belə ki, valideynlər ümumölkə üzrə bağçalara uşaq qəbulu ilə bağlı elandan sonra elektron kabinet yaratmaq imkanı əldə edəcəklər. Həmçinin bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemi 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmə imkanı verir. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim edəcək və uşağın qəbulu aparılacaq.
Sistemin əsas məqsədlərindən biri də muxtar respublika üzrə məktəbəqədər təhsil müəssisələri və bu müəssisələr daxilində olan uşaq və heyət haqqında bütün məlumatları vahid bir bazada saxlamaqdır.(azərtac)

KARUSEL / ÖLKƏ
Tarix: 17-11-2023, 17:15