Süni intellekt alətlərinə yüklənən məlumatlara nəzarət mexanizmi yoxdur - İdarə rəisi

Dövlət qurumlarında əməkdaşlar süni intellekt alətlərindən istifadə edirlər. Amma həmin əməkdaşların bu süni intellekt alətlərinə yüklədikləri məlumatlara nəzarət mexanizmi yoxdur.
Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, hətta səsli məlumatların hər hansısa bir xarici süni intellekt həllərinə sızması kimi hallar nəzərdən qaçır.
“Əgər biz hansısa bir süni intellekt vasitələrinə nəzarəti həyata keçiririksə də belə, proksilər quraşdırsaq, əməkdaşlar müəyyən bir işi görəndə görsələr ki, bu proksi icazə vermir, onlar digər süni intellekt alətlərinə müraciət etməyə başlayacaqlar. Bu da bizim nəzarətimizdən kənarda olan süni intellekt alətləri olacaq ki, ona "kölgə süni intellekti" deyirlər", - Nadir Novruzov bildirib.
İdarə rəisi əlavə edib ki, dvlət qurumlarının rəhbərləri əməkdaşlar üçün süni intellektdən istifadə qaydaları təsdiq etməlidirlər. Həmçinin süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbər şəxs təyin edilməlidir.
Qeyd edək ki, Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir.
Tədbirin əsas məqsədi dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsini təşviq etmək, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də müasir texnolojiçağırışlar və süni intellektin tətbiqi ilə bağlı aktual məsələləri müzakirə etməkdir.
Zirvə Toplantısı çərçivəsində süni intellektin dövlət idarəçiliyində və rəqəmsal infrastrukturlarda tətbiqi, yaratdığı imkanlar, yeni kibertəhlükələr, etibarlı, təhlükəsiz rəqəmsal dövlət prinsiplərinin tətbiqi, məlumatların idarə olunması, həmçininin formasiya təhlükəsizliyi, kibertəhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması məsələləri müzakirə ediləcəkdir. (Trend)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:11


























