mobil versiya

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanılıb



Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastır kompleksində bu ilin avqust-sentyabr aylarında ilkin arxeoloji tədqiqat işlərinə başlanılıb. Tədqiqatlar Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi məqsədilə həyata keçirilir.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası tərəfindən aparılan arxeoloji kəşfiyyat işlərinin ilkin nəticələri barədə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent, Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri Natiq Alışov məlumat verib.

İlkin tədqiqatların nəticələrinə əsasən, Xudavəng monastır kompleksi Qafqaz Albaniyasının mühüm dini mərkəzlərindən biri olmaqla yanaşı, müxtəlif tarixi dövrləri əhatə edən zəngin mədəni təbəqələrə malikdir. Ərazidə aparılan arxeoloji yoxlamalar zamanı son antik dövrə, erkən orta əsrlərə və orta əsrlərə aid mədəni qatlar qeydə alınıb. Bu tapıntılar kompleksin tarixinin təxminən iki minillik dövrü əhatə etdiyini göstərir.
Məlumata görə, son antik dövrə aid sahə işğal dövründə ciddi dağıntılara məruz qalıb. Ərazinin böyük hissəsi təmir-tikinti işləri zamanı salınmış yol infrastrukturu və kilsəyə aparan pilləli yolun altında qalıb. Həmin dövrə və erkən orta əsrlərə aid tikililərin daşlarından isə kompleksin ərazisinin hasarlanmasında istifadə edilib.
Erkən orta əsrlərə aid sahələrin bir hissəsi işğal dövründə təsərrüfat məqsədləri üçün istifadə olunub. Kəlbəcər işğaldan azad edildikdən sonra ərazidə yerləşən Rusiya sülhməramlı kontingenti tərəfindən abidənin cənub istiqamətində səngərlər qazılıb, erkən orta əsrlərə aid tikili sahələrinin bir qismi idman meydançasına çevrilib.

Orta əsrlərə aid tikililərdə isə 1993-2020-ci illərdə aparılmış bərpa və tikinti işləri nəticəsində abidənin daxili interyerinə və xarici görünüşünə müdaxilələr edildiyi bildirilir. İlkin araşdırmalar zamanı qanunsuz tikinti-quraşdırma işləri və arxeoloji müdaxilələr nəticəsində mövcud mədəni təbəqələrin zədələndiyi müəyyənləşdirilib.
Gələcəkdə Xudavəng monastır kompleksinin son antik və erkən orta əsrlərə aid sahələrində müntəzəm arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Erkən orta əsrlərə aid ərazidə arxeoloji tədqiqatlarla yanaşı, bərpa və konservasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
Orta əsrlərə aid tikililərin araşdırılması zamanı isə arxiv fotoşəkillərindən istifadə olunmaqla işğal dövründə kilsə və ibadətgahların daxili və xarici görünüşündə aparılmış dəyişikliklər, eləcə də abidənin tarixi-mədəni irsinə müdaxilə faktları ətraflı təhlil ediləcək. (Azərtac)

Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 10:27