mobil versiya

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib



“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – publik hüquqi şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyinə verilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Fərmanla müəyyən edilib ki:
  • publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (bundan sonra – TƏBİB) keçir;
  • TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır;
  • TƏBİB “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir;
  • TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
TƏBİB-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
  • TƏBİB-in nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
  • TƏBİB-in idarəetmə orqanlarının yaradılması;
  • TƏBİB-in yenidən təşkili və ləğvi;
  • “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
Nazirliyə:
  • bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
1. Bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
2. Nazirliyin təklifləri əsasında TƏBİB-in nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;
3. bu Fərmandan irəli gələn digər məsələləri həll etmək.
Nazirlik:
bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulan komissiyanın yaradılmasını təmin etməlidir;
TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməlidir;
TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər görməlidir;
bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


Reportyor.az 


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 13:07