Azərbaycanda keçiriləcək COP29 konfransında vədlərdən tədbirlərə keçmək lazımdır - Keniya nümayəndəsi
Azərbaycanda keçiriləcək COP29 konfransında vədlərdən tədbirlərə keçmək lazımdır.
Bunu Keniya nümayəndəsi Cozef Nyuquna jurnalistlərə Dubayda (BƏƏ) keçirilən COP28 konfransının kuluarlarında deyib.
"Mən Keniyanı təmsil edirəm, biz iqlim təşəbbüsləri baxımından öndəyik. Azərbaycanı COP29 konfransının keçirilməsində dəstəkləyirəm. İdeyalardan real tədbirlərə keçməli olacağıq. Görmək istədiyimiz budur. Bizə xüsusən də inkişaf etməkdə olan ölkələr üçün maliyyə sahəsində tədbirlərə keçən konkret vədlər lazımdır. Hazırda əlimizdə olan yalnız vədlərdir, lakin bunlar yetərli deyil", - o deyib.
Nyuqunanın fikrincə, iqlim dəyişikliyi ilə mübarizə üçün real maliyyələşdirmə lazımdır.
"Biz, həqiqətən əziyyət çəkirik, gözlənilənlə təqdim olunan arasında böyük uyğunsuzluq var. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək COP29 konfransında iştirak edərək təqdimatla çıxış etmək imkanım olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub. COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.
Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib.
Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-12-2023, 11:56