Ağdamdakı Mərkəzi park botanika bağı, çəmənlik və meşəlik zonalarına ayrılacaq
Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, botanika bağı, çəmənlik və meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5,5 hektar ərazini əhatə edəcək. Onun 70 faizi yaşıllıqlar, 25 faizi səki və meydançalar, 5 faizini tikililər təşkil edəcək. Parkın ərazisində su oyun zonaları, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və oyun zonaları fəaliyyət göstərəcək. Parkın ərazisində bir zamanlar Ağdamda mövcud olmuş məşhur Çay evi də inşa ediləcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.
Park ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır.(azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2023, 14:50