Müasir Ağdamın mərkəzi hissəsi keçmiş Ağdam şəhəri və ətrafındakı 8 kənddən ibarət olacaq
Müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşdırılacaq. Müasir Ağdam keçmiş Ağdam şəhəri və ətrafındakı səkkiz kənddən ibarət olacaq.
Bunu 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək: “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya ediləcək və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən söhbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər”.
Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. Bu gün - noyabrın 20-də şəhər erməni işğalçılarından azad edilib. Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.(azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: 20-11-2023, 12:31