mobil versiya

İlin sonunda füzulilərin doğma yerlərə qayıdışı nəzərdə tutulur



Ötən ilin sonu Qarabağa Böyük Qayıdış Dövlət Proqramı təsdiqlənib. İşğaldan azad edilmiş ərazilərdə gedən bərpa quruculuq və ərazilərə Böyük Qayıdışın bütün məsələləri həmin dövlət proqramında qeyd olunmuş tədbirlər planına uyğun həyata keçirilir. Hazırda Ağdamda Füzulidə, Tərtərin işğaldan azad olunmuş ərazilərində, eyni zamanda, Xocavənddə tikinti bərpa quruculuq işləri gedir. Bir neçə ay bundan öncə Tərtərin işğaldan azad olunmuş Talış kəndinə 20 ailənin – 90 nəfərin köçü baş tutub. Burada 20 yaşayış evi, 10 qeyri-yaşayış binasının inşası başa çatıb və keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Talış kəndində həyat canlanıb, sakinlər işlə təmin olunub, onların övladları məktəbə və uşaq bağçasına gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
Onun sözlərinə görə, Talış kəndinin quruculuq işlərinin ikinci fazasının başlanması nəzərdə tutulub. Bu il başlanacaq ikinci mərhələdə 158 evin və digər qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. Bundan əlavə, Suqovuşanda su hövzəsinin ətrafında turizm kompleksi yaradılacaq. Orada işlər sürətlə davam etdirilir. Ağdam şəhərində isə Bərdə-Ağdam yolunun yekunlaşması nəzərdə tutulub. Bərdə-Ağdam yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Bərdə-Ağdam dəmiryolunun inşasının bu ilin sonuna yekunlaşdırılması planlaşdırılır. Eyni zamanda, bu yaxınlarda Ağdam dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılacaq. Növbəti ilin sonlarına yaxın bu layihənin yekunlaşması nəzərdə tutulub. Paralel olaraq bu yaxınlarda yaşayış məhəllələrinin tikintisinə başlanılacaq.
“Kəndlərin və yaşayış məhəllələrinin bəzi layihələri tender mərhələsindədir. Bu ilin sonuna yaxın Füzuli rayonuna köç nəzərdə tutulub. Burada yaşayış məhəlləsinin tikintisinin yekunlaşması gözlənilir. Şagirdlər üçün orta məktəbin tikintisinin başa çatması planlaşdırılır və köç zamanı artıq sakinlərin istifadəsinə veriləcək. Yol infrastrukturu paralel olaraq hər yerdə inkişaf etdirilir. İnşaat işləri sürətlə davam edir. Mərkəzi parkların – istər Ağdamda, istər Füzulidə layihələndirilməsi yekunlaşmaq üzrədir. Burada digər infrastruktur və vacib olan layihələr də artıq işlənilməkdədir. Bu ilin sonuna qədər Ağdamda dörd kəndin, üç yaşayış məhəlləsinin inşasına başlamağı gözləyirik. Ümumiyyətlə Dövlət Proqramının sonuna qədər Ağdamda 5 yaşayış məhəlləsi, 12 kəndin, Füzulidə isə 3 yaşayış məhəlləsi və 10 kəndin inşası nəzərdə tutulub. Digər azad edilmiş ərazilərdə kəndlərin, qəsəbələrin baş planları işlənir, yekunlaşmaq üzrədir. Orada da inşaat işlərinə başlanılıb yekunlaşması nəzərdə tutulur”, - deyə Bəşir Hacıyev qeyd edib.
Qarabağa investisiya potensialının çox yüksək olduğunu vurğulayan Bəşir Hacıyev deyib ki, təkliflər hər gün artır. İşğaldan azad edilmiş ərazilərimiz istər yeraltı, istərsə də yerüstü təbii sərvətlərlə zəngindir. Ağdam şəhərində sənaye parkı yaradılıb. Onun 190 hektar ərazisi var.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-06-2023, 17:34