Bu ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İngiltərənin Şərqi İngiltərə regionunda blutanq, Fransa Respublikasının Bretan regionunda epizootik homorraji, Litva Respublikasının Mariyampol dairəsində, Macarıstanın Dyör-Moşon-Şopron inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Aydaho ştatında, Polşa Respublikasının Kuyavsk-Pomorsk, Mazoviesk inzibati ərazilərində, İtaliya Respublikasının Apuliya regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün Bretan regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, zonalaşma prinsipi nəzərə alınmaqla, Şərqi İngiltərə regionunda xəstəlik baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Mariyampol dairəsində, Dyör-Moşon-Şopron inzibati ərazi vahidində, Aydaho ştatında, Kuyavsk-Pomorsk, Mazoviesk inzibati ərazilərində və Apuliya regionunda xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-12-2023, 17:28