mobil versiya

Bu ölkələrin bəzi bölgələrindən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub


ABŞ və Yunanıstanın bəzi bölgələrindən Azərbaycana heyvan məhsullarının idxalına məhdudiyyət qoyulub
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) Yunanıstanda Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlı xəbərdarlıq edib. Ona görə də ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla Yunanıstanın Egey adalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və ABŞ-nin Ayova, Oreqon ştatlarında yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikaya daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-11-2023, 11:57