mobil versiya

Səudiyyə Ərəbistanı vasitəçidir



Qərb mətbuatında Səudiyyə Ərəbistanın ABŞ-la İran arasında vasitəçi olduğuna dair yazılar yayımlanıb. Ər-Riyadın bir neçə ay əvvəl Tehranla diplomatik münasibətləri bərpa etməsinə baxmayaraq, ABŞ-la İran arasında vasitəçilik missiyasını uğurla həyata keçirdiyinə dair qənaət var.
İsrail Qəzzada hərbi əməliyyata başlayarkən, buradakı toqquşmalarla yanaşı iki böyük təhlükə haqqında proqnozlar var idi. Birincisi, İranla İsrail arasında  müharibə başlaya bilərdi. Bu halda ABŞ İsraili qorumaq məqsədilə İrana qarşı müharibədə iştirak edəcəkdi. İkincisi, İranın təsiri altında olan “Hizbullah” qruplaşması İsrail-Livan sərhədində gərginliyi artıracaqdı. Vaşinqton Tehranı xəbərdar etməli idi. Ancaq Vaşinqtonun Tehranla birbaşa rabitəsi olmadığına görə vasitəçiyə ehtiyacı var idi. Buna görə də Vaşinqton Səudiyyə Ərəbistanının imkanlarından istifadə etməyə qərar verib. Bu, Yaxın Şərqdəki toqquşmaların daha qlobal müharibəyə çevrilməsinin qarşısını almalı idi.
Ötən ilin noyabr ayında Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının və Ərəb Liqasının Qəzzayla bağlı fövqəladə toplantıları keçirildi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan toplantılara dəvətli idi. Bundan əvvəl Vaşinqton Ər-Riyad vasitəsilə Tehrana mesaj yollamışdı. Mesajın mahiyyəti bu idi ki, Vaşinqton İranın Yaxın Şərqdəki gərginliyin artmasında rol almamasını istəyirdi. İranın xarici işlər naziri Ər-Riyadda ölkəsinin Vaşinqtonun təkliflərinə cavabını gətirmişdi. Cavabın mahiyyəti barədə dəqiq məlumat olmasa da, İran bir qədər ehtiyatlı mövqeyə çəkildi. 
Buna baxmayaraq, İsrail Yaxın Şərqdə baş verən hadisələrdə İranın əli olduğuna inanır. Təsadüfi deyil ki, İsrail İranın Suriyadakı mövqelərinə zərbə endirməkdə davam edir. Bundan başqa İsraillə “Hizbullah” arasında ara-sıra toqquşmalar baş verir. 
ABŞ Yaxın Şərqdəki döyüşlərin geniş miqyas almaması üçün diplomatik səylərini artırsa da, Qırmızı dənizdə gərginlik və Yəməndəki husilərin ticarət gəmilərinə hücumları münaqişə çoğrafiyasının artmasına dəlalət edir. Səudiyyə Ərəbistanı bu gərginliyin artmasından narahatdır. Bu arada, Vaşinqton Səudiyyə Ərəbistanı ilə İsrail arasında danışıqların bərpa edilməsini və iki ölkə arasında diplomatik münasibətlərin bərpasını da istəyir. Çünki, “Həmas” qruplaşmasının ötən ilin oktyabrında İsrailə hücumundan əvvəl İsrail bir neçə ərəb dövlətindən sonra Səudiyyə Ərəbistanı ilə də diplomatik münasibətlər quracağına ümid edirdi. Ancaq son gərginlik və Qəzzadə baş verən fəlakət buna mane oldu. Ər-Riyad Tel-Əvivin Fələstinin müstəqilliyini tanıması halında İsraillə diplomatik münasibətlər qura biləcəyini istisna eməyib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu bildirib ki, ölkəsi  fələstinlilər üçün dövlətin yaradılmasını ehtiva edən hərtərəfli razılaşma fonunda İsraili tanıya bilər. Səudiyyə Ərəbistanının xarici işlər naziri bu fikrini ABŞ-ın məşhur “CNN” televiziya kanalına son müsahibəsində bir daha səsləndirib. Ancaq İsrailin hazırkı baş naziri Benyamin Netanyahu Fələstinin müstəqilliyini tanımağa hazır deyil. Bunsuz isə bölgədə gərginliyin azalacağını söyləmək mümkün deyil. 

“Atlas” Araşdırmalar Mərkəzi


KARUSEL / DÜNYA
Tarix: 23-01-2024, 15:16