Bu il Cəbrayılda GES-in tikintisi başlayacaq
Cəbrayılda 240 meqavatt gücündə "Şəfəq" günəş elektrik stansiyasının (GES) tikintisi 2024-cü ildə başlayacaq.
Bunu bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.
"Hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Lap tezliklə Cəbrayıl rayonunda minatəmizləmə işləri başa çatacaq. Artıq yekun investisiya qərarı (FID) ilə əlaqədar texniki və kommersiya aspektləri var və ilin ikinci yarısında təsdiqlənəcək. Bundan sonra GES-in təməlinin qoyulması və tikintisi üzrə işlər başlayacaq", - deyə Aslanbəyli deyib.
Qeyd edək ki, "Şəfəq" GES-inin ilkin dəyəri 200 milyon dollar olaraq qiymətləndirilib, lakin məhz bu il FID imzalanan zaman işlərin dəqiqləşdirilmiş dəyəri açıqlanacaq.
Həmçinin bu il bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin bu layihədəki iştirak payı açıqlanacaq.
2023-cü il iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi və icrası üzrə əməkdaşlıq barədə İcra Müqaviləsi imzalanıb. Bu sənəd Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "yaşıl enerji" zonasının yaradılması və bərpa olunan enerji sektorunun inkişafı, o cümlədən 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması üzrə öhdəliklərlə əlaqəli strateji həll və bp şirkətinin 2050-ci ilədək sıfır emissiyalı şirkətə çevrilmək strategiyasının reallaşdırılması çərçivəsində imzalanıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-02-2024, 18:13