mobil versiya

“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiq edilib



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2024-cü il tarixli 111 nömrəli Qərarına əsasən, “Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiq edilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, sözügedən qaydalar məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida obyektlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarını müəyyən edir. Qaydalar qida və yem məhsullarına, qida ilə təmasda olan material və məmulatlara, habelə qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil edilir.
Qaydalara əsasən, həyata keçiriləcək dövlət nəzarəti tədbirlərinin məqsədi insanların və heyvanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təhlükə yarada biləcək qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınmasını, azaldılması və aradan qaldırılması, istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsini, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, təhlükəsiz və keyfiyyətli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsalına, emalına və dövriyyəsinə əlverişli şəraitin yaradılmasıdır.
Qaydalarda qida obyektlərinin risk qruplarının müəyyən edilməsi üçün sabit və dəyişkən risk meyarları, həmin meyarlar üzrə risk balları, nəzarət tədbirlərinin növləri, illik dövlət nəzarət planlarının hazırlanması, nümunələrin götürülməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Qeyd edək ki, dövlət nəzarəti tədbirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Agentlik bildirir ki, sözügedən qərarın tətbiqi nəzarət tədbirlərinə cəlb olunan resursların səmərəli istifadəsinə, həmçinin qida obyektlərinin risk səviyyəsi nəzərə alınmaqla, aparılan nəzarət tədbirlərinin effektivliyinin artırılmasına şərait yaradacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-03-2024, 16:45