Ermənistanda etiraz aksiyalarının 88 iştirakçısı saxlanılıb
Ermənistan polisi bu gün səhər saatlarında İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək aksiyalarda iştirak edən 88 nəfər saxlanılıb.
Hazırda müxalifət tərəfdarları arxiyepiskop Baqratın çağırışı ilə İrəvanın küçələrini bağlamağa başlayıb. Aksiyaların davam etdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Tavuş vilayətindən İrəvana doğru yürüşə başlayıb. Mayın 9-dan etibarən Ermənistan paytaxtında etiraz aksiyalarına start verib. Erməni kilsəsinin nümayəndələri də ölkənin müxtəlif bölgələrindən yürüşə qoşulub. Onlar Azərbaycanın işğal altında olan dörd kəndinin qaytarılmasını nəzərdə tutan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirlər.
Son günlər Ermənistan mediası və ekspertlər hərəkatın lideri arxiyepiskop Baqratı Rusiyadan aldığı pul müqabilində ölkədə vəziyyəti qarışdırmaqda günahlandırırlar.
KARUSEL / DÜNYA
Tarix: 13-05-2024, 11:18