mobil versiya

Bu il Qarabağın bərpasına 10 milyard xərclənəcək




Bu il də Qarabağa ayrılan vəsaitin həcmi 2.1 milyard manat və ya 27 faiz artırılacaq.
Neftin qiymətinin proqnozdan yüksək olması hökumətə ilin ortasında büdcəyə yenidən baxmağa imkan verib.
2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklər barədə Maliyyə Nazirliyinin yaydığı qanun layihəsində bildirilir ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurulma və bərpasına, eləcə də digər xərclərə 7 milyard 788 milyon manat deyil, 9 milyard 903 milyon manat ayrılacaq.
Hesablama Palatasının açıqladığı göstəricilərdən bəlli olur ki, Qarabağda ən çox yol çəkilməsinə pul xərclənir. Ötən il Qarabağda xərclənən vəsaitin 76.6 faizi nəqliyyat infrastrukturunun qurulmasına sərf edilib. Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələrinə 3 milyard 379 milyon manat, "Azərbaycan Dəmir Yolları" QSC-nin layihələrinə isə 320 milyon manat xərclənib.
Bu il ayrılan vəsaitin daha çox əhali üçün mənzillərin, dövlət qurumları üçün binaların tikintisinə və eləcə də şəhərlərin bərpasına yönəldiləcəyi gözlənilir.
Qarabağdakı fəaliyyətinə görə bəzi dövlət qurumlarına ayrılan vəsait isə azaldılıb. Belə ki, ötən il Qarabağdakı işlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait 2022-ci illə müqayisədə 157.4 milyon manat (60 faiz), "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsə ayrılan vəsaitsə 50 milyon manat (19 faiz) azalıb.(“AzPolitika.info”)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-05-2024, 17:46