mobil versiya

Yoxlamalardan sonra yararsız olan 6 liftin fəaliyyəti dayandırılıb


Son zamanlar yaşayış binaları və digər obyektlərdə quraşdırılan bəzi lift və qaldırıcı qurğuların hərəkətində problemlər yaranır. Nəticədə insanların liftdə qalması və başqa xoşagəlməz hadisələr baş verir.
Bəs ölkədə bu cür qurğulara nəzarət hansı mexanizmlə həyata keçirilir?
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən bildiriblər ki, bu ilin altı ayında yoxlama aparılmış müəssisələrin sayı 161, yoxlanılmış liftlərin sayı 942, tərtib edilmiş aktların sayı 161, aşkar edilmiş pozuntuların sayı 883, istismarı qadağan edilmiş ( məhdudlaşdırılmış ) liftlərin sayı isə 6 ( 2 müəssisədə ) olub.
"Bundan başqa 2024-cü ilin 6 ayı ərzində qeydiyyata alınmış liftlərin sayı 285, istismarına icazə verilməsində iştirak edilmiş liftlərin sayı 285, müraciət edən müəssisələrin sayı isə 94 olub.
Yoxlama zamanı liftlərdə aşkar edilmiş qayda pozuntularının aradan qaldırılması məqsədilə liftlərin təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh olan lift sahibinin və ya istismarçının iştirakı ilə müvafiq akt tərtib edilir. Tərtib olunmuş akt Agentlik tərəfindən kollegiyal formada nəzərdən keçirilir və müvafiq qərar qəbul olunur. Həmin qərarda adətən 30 günədək müddət müəyyən edilir. Qeyd olunmuş müddət ərzində liftin sahibi və ya istismarçısı tərəfindən qayda pozuntuları aradan qaldırılmalı və bu barədə Agentliyə məlumat verilməlidir. Qayda pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq, insan həyatı və ətraf mühit üçün təhlükəli olan pozuntularla bağlı liftlərin istismarı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılır. Aktda qeyd olunan qayda pozuntularının aradan qaldırılmasına liftin sahibi və ya istismarçı məsuliyyət daşıyır", - deyə qeyd olunub.
Qeyd edək ki, ötən il yoxlama aparılmış müəssisələrin sayı 537, yoxlanılmış liftlərin sayı 2764, tərtib olunmuş aktların sayı 537, aşkar olunmuş pozuntuların sayı 2268 olub. 2023-cü ildə qeydiyyata alınmış müəssisələrin sayı 170, istismarına icazə verilməsində iştirak edilmiş liftlərin sayı 549 olub.(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-07-2024, 09:39