mobil versiya

Bal yarmarkasında iştirak üçün qeydiyyat başlayıb



Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə bu il sentyabrın 9-29-da Bakıda keçiriləcək arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayıb.
Yarmarka paytaxtın Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) təşkil ediləcək, arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq.
Builki yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək. Yarmarkaya bu il iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Yarmarkada iştirak etmək istəyən arıçılar 29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-a qədər onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün fermerlər bal.kendden.az saytına daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Bal nümunələrinin qəbulu 19-27 avqust tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı ödənişsizdir. Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.
Yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə baldan nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-07-2024, 10:11