mobil versiya

HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri o seçildi



İranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin yerinə hərəkatın Qəzza zolağının rəhbəri Yəhya Sinvarın seçildiyi bildirilib. HƏMAS-ın Telegram hesabından edilən yazılı açıqlamada bu ifadələrdən istifadə edilib: “Həmas şəhid lider İsmayıl Haniyə yerinə hərəkatın siyasi büro rəhbəri olaraq komandir Yəhya Sinvarı seçdiyini açıqlayır”.

"SonDakika.com" xəbər verir ki, HƏMAS avqustun 3-də verdiyi bəyanatda öldürülən Siyasi Büro sədri Haniyənin yerinə yeni adın müəyyən edilməsi üçün məsləhətləşmələrə başladığını açıqlayıb.

YAHYA SINVAR KİMDİR?

Yəhya Sinvar İsmayıl Haniyənin qətlindən sonra HƏMAS-ın faktiki lideri kimi gündəmə gəlib. 1962-ci ildə Qəzza zolağındakı Xan Yunis qaçqın düşərgəsində anadan olan Yəhya Sinvar HƏMAS-ın qurucu üzvlərindən biri kimi təşkilatın formalaşmasında mühüm rol oynayıb. 1980-ci illərin sonunda HƏMAS-a qoşulan Sinvar qısa müddətdə təşkilatın təhlükəsizlik qolunun rəhbəri oldu. 1989-cu ildə iki İsrail əsgərini öldürməkdə və fələstinli xəbərçilərə qarşı sui-qəsd təşkil etməkdə günahlandırılan Sinvar 4 ömürlük həbs cəzasına məhkum edilib. 22 ilini İsrail həbsxanalarında keçirən Sinvar 2011-ci ildə Gilad Şalit mübadiləsi çərçivəsində azad edilib.

Həbsxana illəri Sinvarın ideologiyasını və İsrailə qarşı düşmənçiliyini gücləndirdi. Keçmiş İsrail kəşfiyyat rəsmisi Maykl Koubinin dediyinə görə, Sinvar sorğu-sualları zamanı fələstinli xəbərçiləri öldürməklə öyünüb. Bu proses HƏMAS daxilində onun sərt və barışmaz imicini gücləndirdi. 2017-ci ildə HƏMAS-ın Qəzza lideri seçilən Sinvar təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları ilə siyasi qanadı arasında körpü rolunu oynayıb. Bu mövqe onu HƏMAS-ın ən nüfuzlu simalarından birinə çevirdi. Haniyədən fərqli olaraq Sinvar bu sahədə əməliyyat təcrübəsinə malikdir. Bu, təşkilata öz hərbi qanadına daha çox təsir göstərməyə imkan verir.


HƏMAS lideri İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub. İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb. İran və Həmas Hərəkatı iyrənc sui-qəsddə İsraili günahlandırıb.

1962-ci ildə Qəzzada qaçqın düşərgəsində doğulan İsmayıl Haniyə HƏMAS-ın qurulduğu gündən bəri önəmli bir ad idi. Dəfələrlə İsrail tərəfindən həbs edilən Haniyə 2003-cü ildə İsrailin sui-qəsd cəhdindən sağ çıxıb. 3 il sonra HƏMAS-ın seçkiləri qazanmasından sonra qısa müddətə Fələstinin baş naziri olan Haniyə 2017-ci ildə HƏMAS-ın siyasi bürosunun rəhbəri seçilib. Haniyə Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlarda Həmas nümayəndə heyətinə başçılıq edirdi.
KARUSEL / DÜNYA
Tarix: 7-08-2024, 08:50