Prezidentin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün çağırış edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nobel Sülh Mükafatının SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçovdan geri alınması üçün Azərbaycandakı ictimai təşkilatlara çağırış edib.
REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, H. Hacıyev deyib ki, həmin dövrdə SSRİ-yə rəhbərlik etmiş, 20 Yanvar hadisələrinin törədilməsi ilə bağlı qərar vermiş Mixail Qorbaçova 20 Yanvar faciəsindən bir neçə ay sonra Nobel Sülh Mükafatının verilməsi kifayət qədər ziddiyyətli qərardır.
H. Hacıyev bildirib ki, Nobel Sülh Mükafatının verilməsi üzrə komitənin öhdəlikləri sırasında bu qəbildən olan qərarların nəzərdən keçirilməsi kimi məsələlər də var:
“Amma onu da nəzərə almaq lazımdır ki, sülh sahəsində Nobel mükafatını təqdim edən komitə ictimai əsaslarla çalışır, dövlətlər tərəfindən daxil olan müraciətləri qəbul etmir. Ona görə də ictimai müstəvidə fəal işin aparılmasına ehtiyac var. Düşünürük ki, beynəlxalq ictimaiyyət və ölkənin ictimai təşkilatları səviyyəsində bu istiqamətdə addımların atılması və sülh sahəsində Nobel mükafatını təqdim edən komitəyə müraciətlərin göndərilməsi çox vacibdir”.
Xatırladaq ki, H. Hacıyev yanvarın 17-də ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Mixail Qorbaçova verilmiş Nobel Sülh Mükafatını geri almağın hələ də gec olmadığını bəyan edib.
Qeyd edək ki, sülh sahəsində Nobel mükafatı Norveç parlamentinin (Stortinq) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.
KARUSEL / GÜNDƏM
Tarix: 20-01-2020, 12:00