Bakı qapıları yenilənir
Paytaxtda baş tutacaq COP29 tədbiri ilə bağlı "Baku Doors" (Bakı qapıları) layihəsi davam etdirilir. İlkin olaraq Bakıda aparılan monitorinq zamanı tarixi binalardakı köhnə orijinal qapıların əksəriyyətinin təmirinə ehtiyac olduğu aşkarlanıb.
Bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Layihə rəhbəri, bərpaçı memar Rüfət Quliyevin dediyinə görə, ötən əsrin əvvəllərində şəhər mərkəzində tikilən malikanələrdə girişin taxta qapıları orijinal sənət nümunələri sayıldığına görə qərara alınıb ki, mövcud qapılar əsaslı təmir olunsun. Bu məqsədlə xüsusi emalatxana yaradılıb. Təmir olunası qapılar sökülüb çıxarılır, sakinlərə narahatlıq yaranmasın deyə yerinə müvəqqəti başqa bir qapı qoyulur. Tarixi qapılar emalatxanaya gətirilir. Öncə yüz ildən artıq bir müddətdə qapılara çəkilən boya qatları təmizlənir. Daha sonra qapının üzərindəki memarlıq elementləri, naxışlar öyrənilir, deformasiya olunan hissələr, qırılıb aşınmış detallar yenidən hazırlanır. Son olaraq bərpa olunmuş qapıların üzərinə bir neçə qat xüsusi qoruyucu lak örtüyü çəkilir ki, yağışa-küləyə, istiyə-soyuğa davamlı olsun. Qapı tam hazır olandan sonra yerinə qoyulur. Rüfət Quliyevdən aldığımız məlumata görə, qapıların bərpasına heç də həmişə eyni vaxt sərf edilmir. Qapının mövcud vəziyyətinə görə proses bir aydan iki ayadək uzana bilir.
Layihə rəhbərinin dediyi kimi, bu, çox mürəkkəb prosesdir. Şirkətdəki mütəxəssislər işin məsuliyyətini nəzərə alaraq ehtiyatla davranır, ən xırda detalları belə bərpa etməyə çalışırlar. Günü bu gün emalatxanada iş gedir, 28 May küçəsi, 42 ünvanındakı tarixi qapı bərpa olunur. Bundan sonra sıra 28 May küçəsi, 88 ünvanındakı köhnə bir qapınındır. Beləliklə, Bakı Abadlıq Xidmətinin mütəxəssisləri "Baku Doors" (Bakı qapıları) layihəsi çərçivəsində paytaxtdakı tarixi qapıların bir çoxuna əl gəzdirəcəklər. Layihə COP-29-dan sonra da davam etdiriləcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-09-2024, 15:19