AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti ilə müqavilə imzalayıb
AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb.
Reportyor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç A320neo və üç A321neo təyyarəsinin tədarükü planlaşdırılır.
Sənəd “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.
Qeyd edək ki, A321neo təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. “Airbus A320neo” və “Airbus A321neo” qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib.
Təkmilləşdirilmiş aerodinamikası sayəsində A320neo və A321neo həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-10-2024, 13:18