Almaniyanın XİN başçısı Kiyevə gəlib
Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə elan olunmamış səfər edib.
Annalena Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayıb. “Almaniya və onun dünyadakı bir çox tərəfdaşı qətiyyətlə Ukraynanın tərəfindədir”, - deyə o, Kiyevdə bildirib.
Almaniyanın energetika sahəsində yardım çərçivəsində Ukraynaya əlavə olaraq 170 milyon avro ayırdığını bildirən Annalena Berbok ölkəsinin hava hücumundan müdafiə təşəbbüsünə də toxunub. Nazir, eyni zamanda, Ukraynanın Avropa İttifaqına həmişəkindən daha yaxın olduğunu deyib.
Bu, müharibənin başladığı vaxtdan bəri Annalena Berbokun Kiyevə səkkizinci səfəridir. O, sonuncu dəfə Kiyevə 2024-cü ilin mayında gəlmişdi.
Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Ukraynaya ikinci ən böyük silah tədarükçüsüdür. İndiyədək Kiyevə hərbi dəstək üçün xeyli vəsait ayıran Berlin gələcəkdə Ukraynanın təxminən 28 milyard avroluq xərclərini də öhdəsinə götürüb. 2025-ci il büdcəsi ilə bağlı razılaşmaya əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayıracaq ki, bu da cari illə müqayisədə iki dəfə çoxdur.
KARUSEL / DÜNYA
Tarix: 4-11-2024, 14:22